
Kriptoqrafiya məlumatı şifrələyərək yalnız səlahiyyətli şəxslər tərəfindən həmin məlumata çıxışı təmin edir. Kriptoqrafiya şəxsi mesajlardan maliyyə əməliyyatlarına və milli təhlükəsizlik kommunikasiyalarına qədər hər şeyi qoruyan müasir kibertəhlükəsizliyin əsasını təşkil edir. Bu məqaləmizdə biz kriptoqrafiyanın əsaslarını, növlərini və günümüzün rəqəmsal dünyasındakı əhəmiyyətindən danışacayıq.
Kriptoqrafiya nədir?
Kriptoqrafiya əlaqə və məlumatların təhlükəsizliyini təmin etmək üçün riyazi üsullardan istifadəyə fokuslanır. Kriptoqrafiya rəqəmsal məlumatın məxfiliyini, bütövlüyünü, doğrulama və inkar edilməməsini təmin edir.
Kriptoqrafiyanın əsas məqsədləri:
Məxfilik – Yalnız səlahiyyətli şəxslər məlumatları oxuya bilər.
Bütövlük – Məlumatların dəyişdirilməməsinə zəmanət verir.
Doğrulama – İstifadəçilərin və sistemlərin şəxsiyyətini təsdiq edir.
İnkar etməmək – Tərəflərin həyata keçirdikləri prosesləri inkar etməsinə mane olur.
Kriptoqrafiyanın növləri
Kriptoqrafiya üç əsas növə bölünür:
- Simmetrik Açar Kriptoqrafiyası
Gizli açar kriptoqrafiyası kimi də tanınan bu üsul həm şifrələmə, həm də şifrənin açılması üçün tək açardan istifadə edir. Göndərən və qəbul edən açarı təhlükəsiz şəkildə paylaşmalıdır.
Nümunələr: AES, DES
Müsbət tərəfləri: Böyük məlumatların şifrələnməsi üçün sürətli və səmərəlidir.
Mənfi tərəfləri: Açarların paylaşılması problemdir. Açar 3-cü şəxsin əlinə keçsə bütün şifrələri aça bilər.
- Asimmetrik Açar Kriptoqrafiyası
Publik-açar kriptoqrafiyası kimi də tanınan bu sistem bir cüt açardan istifadə edir: şifrələmə üçün publik açar və şifrəni açmaq üçün gizli açar.
Nümunələr:
RSA, ECC, Diffie-Hellman Açar Mübadiləsi
Müsbət tərəfləri: Təhlükəsiz açar paylaşılması və hücumlara qarşı daha yaxşı qorunma.
Mənfi tərəfləri: Mürəkkəb hesablamalara görə simmetrik şifrələmədən daha yavaşdır.
- Həş funksiyaları
Həş funksiyası verilən məlumatı sabit uzunluqlu bir sətirə çevirir. Həşing parol saxlama, rəqəmsal imza və məlumatların bütövlüyünün yoxlanılmasında istifadə olunur.
Nümunələr: SHA-256, MD5, Bcrypt
Üstünlüklər: Məlumatların bütövlüyünün yoxlanılmasını və səmərəli saxlanmasını təmin edir.
Dezavantajlar: Zəif Həşing alqoritmi brute force hücumlarına qarşı yetərsiz ola bilər.